Gərginlik baş ağrısı


Gərginlik baş ağrısı

Gərginlik baş ağrısı, baş ağrılarının 90%-ni təşkil edər. O boyun, çiyin və baş əzələlərinin gərilməsi ilə başlayan, başı çənbər kimi sıxaraq gözlərə qədər yayılan, yüngül və orta şiddətli küt ağrıdır. Ağrılar 30 dəq-dən 7 günə qədər davam edə bilər. Bu zaman işıq və səsə həssaslıq artar, diqqəti cəmləşdirmə çətinləşər, yuxu pozular. Gərginlik bəzən çiyinlər, onurğanın yuxarı hissəsində hərəkət məhdudluğu və sərtlik yaradar. Çox zaman stresdən sonra istirahət zamanı və ya günün sonunda əzələlər yorulduğu zaman başlar.

Əmələ gətirən səbəblərdən psixo-fiziki stres, depressiya, çox tez-tez həyəcanlanma, yuxu pozğunluğu, göz əzələlərinin uzun müddət gərilmə və yorğunluğu, papiros çəkmə, həddən çox kofein qəbulu, baş və boyun travmaları. Dik duruş olmaması, yəni oturanda, yeriyəndə, maşın sürəndə və b. baş və çiyinlərin önə əyilmiş olması əzələ və bağların daim dartılması, oynaqların sıxılması sayəsində qan dövranı pozulması ağrıların yaranmasına zəmin yaradır.

Müalicəsində soyuq ya isti kompres, boyun-baş məşqi, masaj, stresi idarə etmək, həkim təyin etdiyi dərmanları qəbul etmək. Əlavə olaraq sağlam həyat tərzi, duruşunuzu düzəltmək, düzənli yuxu.


                                        M İ Q R E N


Miqren

Miqren (hemikraniya, M), birincili baş ağrıları qrupuna daxil olan damar mənşəli paroksismal, təkrarlanan, zonklayan baş ağrısı (BA) tutmaları və digər müxtəlif və dəyişən simptomlarla keçən xəstəlikdir. Ümumi BA-nın 10%-ni təşkil edir, 5-8 və 45-50 yaşlarda nisbətən az, 10-20 yaşlarda daha çox rastlanır. Qadınlarda daha sıxdır. Səbəbi tam bilinmir. Etiopatogenezi izah etmək üçün damar, trigemino-damar və neyrojenik nəzəriyyələr irəli sürülüb. Son araşdırmalara görə, mərkəzi sinir sistemində çox təsirli bir maddə olan serotoninin səviyyəsi azalır, neyrotransmitterlərin reseptorlara və onların neyrovaskulyar nəzarət balansı pozulur. Nəticədə kəllədaxili və ekstrakranial funksional dövran pozğunluğu miqren klinikası yaradır.

M-in yaranması və gedişinə təsir edən amillər

  • 60-80% halda irsi meyllik;
  • Ruhi vəziyyət: stress, qəzəb, depressiya, narahatlıq, məyusluq, həyəcan;
  • Vasvası, çox punktual, həddindən artıq nəzarətçi, obsesif xarakter;
  • Alışılmış həyatın ritmində kəskin dəyişikliklər (yuxusuzluq, həddindən artıq yuxu, gərginlik, cinsi əlaqə);
  • Qidalar: tərkibində tiramin (pivə, qırmızı şərab, turşu, pendir), nitrit, qlutamat, şokolad, qaymaq, qatıq, yağlı qidalar, qoz, fındıq, fıstıq, banan,                                 portağal, pomidor, soğan, maş, bibər, kolbasa, kürü, soyuq qidalar (dondurma və s.);
  • Travma, parlaq işıq, yüksək səs, kəskin qoxu;
  • Hormonal: menstruasiya, hamiləlik, oral kontraseptivlər, menopoz, hormon terapiyası;
  • Metabolizm pozğunluğu (hiperlipoproteinemiya və s.), qan xəstəlikləri (polisitemiya vera, trombositopeniya);
  • Vazodilatatorlar, erqotamin və ya kofeinin həddindən artıq qəbulu;
  • Hündürlük və mövsüm dəyişiklikləri.

                                      K l i n i k a s ı

M-in şiddəti, tezliyi, müddəti dəyişkəndir, lokalizasiyası 75% birtərəfli olur. Tutmalar ürəkbulanma, qusma və digər mədə-bağırsaq pozğunluqları, foto və fonofobiya, görmə pozğunluğu ilə müşayiət oluna bilər. Gedişində 4 mərhələ ayırd edilir:

  • Prodrom — yorğunluq, vegetativ simptomlar, şüur və əhval-ruhiyyə dəyişikliyi baş ağrısından saatlar və ya günlər əvvəl görünə bilər.
  • Aura — həmişə olmayan, əsasən BA-dan əvvəl (lakin ağrı zamanı və sonra da ola bilər) ortaya çıxan fokal və çox vaxt vizual (işıq parıltıları) əlamətlər.
  • BA tutması — adətən birtərəfli (az hallarda hər iki tərəfdə də) ola bilən, saatlarla və ya həftələrlə davam edən zonklayan ağrı.
  • Postdrom — şiddətli tutmadan sonra əsəbilik, yorğunluq, narahatlıq bir müddət də davam edə bilər.

                                                   N ö v l ə r i

  • Aural (klassik) M — xəstələrin 10%-ni təşkil edər, əsasən səhər yuxudan qalxandan 5-30 dəq sonra hissi və ya motor auralarla başlar, sonra zonklayıcı baş ağrısı inkişaf edər, ardınca ürəkbulanma və qusma qoşula bilər. Tutmadan sonra ağrı yerində hiperesteziya, xəstədə ümumi yorğunluq müşahidə olunur.
  • Aurasız (sadə) M — xəstələrin 80-85%-ni təşkil edər, ağrı daha yüngül olsa da daha uzun (4-72 saat) sürər.
  • Oftalmiq M — ağrı saatlar və hətta günlər əvvəl başlar, bəzi hallarda digər kəllə-beyin sinirlərini (3, 4, 5 və 6-cı) etkilər. Bu vəziyyət gün, hətta həftələrlə davam edə bilər.
  • Bazilyar M — nadir olur, bazilyar arteriya spazmı ilə əlaqəlidir. Tutma zamanı ataksiya, diplopiya, başgicəllənmə, tinnitus, bəzən şüurun pozulması müşahidə olunur.
  • Retinal M — BA ilə bərabər monookulyar skotoma və tutma xarakterli korluq ola bilər.
  • Asefalik M (miqren ekvivalentləri) — az hallarda ağrı əvəzinə ürəkbulanma, qusma, ishal, taxikardiya, başgicəllənmə, letargiya kimi ekvivalentlər müşayiət edilir.
  • Uşaqlıq M — tutma şəkilli sancı, hüzursuzluq, psixotik dəyişikliklər olur.

M tutmaları beyin damarlarında güclü spazm olarsa postmigrenoz keçici işemiya yarana bilər ki, nəticədə həftə sürə bilən hemiplegiya, hemihipoesteziya, dizartriya, afaziya kimi ciddi pozğunluqlar yaranar. Az hallarda müalicə düzgün aparılmazsa 72 saatdan uzun sürən M statusu da inkişaf edə bilər.

                                           D i a q n o z u

M simptomları çox dəyişkən olmaqla kəskin xarakterikdir. Əgər, aura ilə başlayan, ayda 2-5 dəfə təkrarlayan, tutma şəklində zonklayıcı, orta və ya ağır dərəcə, əsasən birtərəfli, məşq zamanı şiddətlənən, vegetativ pozğunluqlarla (ürəkbulanma, qusma, fotofonofobiya və s.) müşayiət olunan, 4-60 dəqiqə davam edə bilən baş ağrısı varsa M diaqnozu qoyulur. Ancaq, bənzər əlamətlər törədə bilən hallarda başqa xəstəliklər diferensiasiya edilməlidir. Bunlardan GBA (sıxılma, ikitərəfli, yüngül və orta dərəcədə, 30 dəq – 7 gün sürə bilər); Klaster baş ağrısı (kişilərdə qadınlara nisbətən 16 dəfə çox rastlanan, 0,5-3 saatdan az sürən, həmişə birtərəfli, retrobulbar ağrı, mövsüm xarakterli, gündə 1-8 dəfə təkrarlaya bilən, 40-50 yaşlarında daha tez-tez rastlanan, lakrimasiya, burun tıxanıqlığı ilə müşayiət olunan); yüksək qan təzyiqi; oksipital əzələlərin sərtliyi; beyin damar xəstəlikləri (şüur pozğunluğu, fokal nevroloji çatışmazlıq və s.); hidrosefaliya (kəllədaxili təzyiqin artması, mədəciklərin genişlənməsi, zehni və postural dəyişikliklər); beyin şişi (səhər baş ağrısı, qusma, getdikcə pisləşmə və s.); müxtəlif infeksion xəstəliklər (yüksək atəş, infeksiya əlamətləri); sinusitlər (yuxarı tənəffüs yollarına xas əlamətlər) və s.


                                             M ü a l i c ə s i

M çox mürəkkəb gedişlərə malik xəstəlik olduğundan hər xəstəyə fərdi yanaşılmalı və müalicə kombinə şəklində aparılmalıdır. Məsləhətdir ki, bir mütəxəssisin nəzarəti altında olunsun. Müalicəsində müxtəlif qrup dərmanlardan və qeyri-farmakoloji metodlardan istifadə edilir. M-nin gedişi, ağırlığı, tezliyi və s.-dən asılı olaraq tutma zamanı təcili tədbirlər (abortiv müalicə), triqqerlərin önlənməsi (və ya yumşaldılması) və profilaktik (preventiv müalicə) tədbirlər yerinə yetirilir.

Abortiv müalicə: kəskin ağrını aradan qaldırmaq üçün qaranlıq, sakit və sərin bir yerə çəkilib başa soyuq qoymaq, tənəffüs, meditasiya, autogen məşq texnikaları ilə rahatlamağa çalışmaq. Həkim təyinatı əsasında ağrı, bulantı, qusma əleyhinə dərmanları vaxtında qəbul etmək.

Profilaktik müalicə: Məqsəd tutmaların şiddəti, ağırlığı və tezliyini azaltmaq, xəstənin yaşam keyfiyyətini yaxşılaşdırmaqdır. Bunun üçün hər şeydən əvvəl xəstəliyi tanımağa çalışılmalı, məs., auranın xarakter xüsusiyyətləri, tutmaları tətikləyən səbəblər, yəni triqqerlər öyrənilməli. Xəstələrin 75%-ndə çox rastlanan triqqerlər: fiziki və ya emosional gərginlik, qırmızı şərab, şokolad, yuxu pozğunluğu, ətir, siqaret dumanı, parlaq işıq, güclü səs, aybaşı və s. Bu cür triqqerlərdən qaçmaq və xəstəliklə mübarizə üçün məsləhətlər:

  • Sağlam həyat tərzi (sağlam və düzənli qidalanma, həftədə ən az 150 dəq məşq, zərərli vərdişlərdən uzaq durmaq, gündə 3-6 stəkan təmiz su içmək, düzənli yuxu).
  • M-ni tətikləyən yanaşı xəstəlikləri müalicə etdirmək.
  • Xəstəlik üzərində nəzarəti artırmaq, müalicənin effektliyini müşahidə etmək üçün gündəlik tutmaq.
  • Özünüdərk (xəstəliyinizi tanıma, imkanlarınızı öyrənmək və səfərbər etmək üçün autogen məşq, koqnitiv-davranış terapiyası, tənəffüs texnikaları, meditasiya metodları ilə stresi, gərginliyi azaltmağı, sonda ağrıya qalib gəlməyi öyrənməyə çalışmaq.
  • Xəstəliklə mübarizədə orqanizmi gücləndirmək üçün qida əlavələri (vitamin, mikroelementlər, probiotik və s.) qəbul etmək.
  • Doğru, düzənli boyun məşqləri etmək.
  • Akupunktur, boyun və nöqtə masajları tətbiq etmək.

                              M müalicəsində istifadə olunan dərman qrupları

  • Ekstrakranial vazokonstriktorlar (erqotamin, sumatriptan və s.)
  • Ağrıkəsicilər (asetaminofen və b.)
  • Serotonin antaqonistləri (metisergid, pizotifen, siproheptadin və s.)
  • Adrenergik reseptor blokatorları (propranolol və b.)
  • Antidepresantlar (amitriptilin, nortriptilin, trazodon və s.)
  • Ca kanal blokatorları (flunarizin, verapamil, diltiazem və s.)
  • İƏQSD-lər (naproksen, aspirin, diklofenak və s.)
  • Antikonvulsantlar (topiramat, valproat, karbamazepin və s.)
  • Antiemetiklər (prometazin, trimetobenzamid, metoklopramid və s.)
  • Trankvilizatorlar (diazepam və s.)
  • Neyroleptiklər (tizersin və b.)
  • Narkotiklər (kodein, pentazosin və s.)
  • Kombinə preparatlar: cafergot, ergofein, avmigran, geralgine-K və s.
  • MAOİ-lər (selegilin, moklobemid)
  • CGRP blokatorları: erenumab, qalkanezumab, eptinezumab (1-3 ayda bir inyeksiya)
  • İnnovativ dərmanlar: qepant, ditan

         M-də A k u p u n k t u r a (AP)   t ə t b i q i

Ta qədimdən Çin, Yaponiya, Koreyada, sonralar bütün dünyada geniş yayılan bu alternativ (tamamlayıcı) metod AP M müalicəsində də istifadə olunur. Təsirində mifoloji və elmi əsasını tapmayan enerji (çi, in, yan) təməlli kanal və nöqtələr deyil, bədəndə aktiv sinir uclarına təsir edərək (reflex) effekt verdiyi düşünülür. Bu gün sübutluluq dərəcəsi zəif olsa da və ümumi konsensus olmasa da bir çox tədqiqatlar düzgün şərtlər daxilində aparılarsa faydalı olduğunu təsdiqləyir. Əsas məsələ aktiv nöqtələrə iynə, isti, elektrik, yapon şarikləri, dərmanla təsir etməklə verilən qıcıqlara reaksiya: yerli adenozin və sitokinlər ifrazı, həmçinin trigeminal və onurğa beyni dorsal neyronlarında və mezensefalonda GABA, enkefalin, endorfin və somatostatin kimi neyroaktiv maddələrin aktivliyini artıraraq təsir edir.